Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata əsasən, valideynlər adətən övladlarını çəkindirmək və onlara müəyyən davranışları yerinə yetirmək üçün belə ifadələrdən istifadə edirlər:
«Əgər indi paltarını geyinməsən, səni çölə aparmayacağam.» (hədələmə)
«Ya indi otağını yığışdırırsan, ya da...» (əmr)
«Xalan qızlarına bax, həmişə səliqəlidirlər, sən isə həmişə pintisən.» (müqayisə)
«Əgər həmişə bu qədər ağlasan, heç kim səni sevməyəcək.» (tez mühakimə etmə)
«Ora çıxırsan ki, yıxılasan!» (xəbərdarlıq)
Bu cümlələr adətən uşağın inadkarlığına, çaşqınlığına və hətta özünəinamının azalmasına səbəb olur.
Uşaqlara təlim və tərbiyə verməyin yolları
1. Başa salmaq və izah etmək
Danlamaq əvəzinə uşağın davranışını başa salın və xəbərdarlığın səbəbini izah edin. Məsələn, «Yenə məktəbdən gəlib paltarlarını ora-bura atdın» demək əvəzinə belə deyin: « Görürəm paltarlarını atmısan divanın üstünə, zəhmət olmasa onu yerinə qoy.»
Bu yanaşma uşağın xəbərdarlığın səbəbini anlamasına və daha yaxşı söz eşitməsinə səbəb olacaq.
2. Qısa və təsirli xatırlatma:
Uşaqlar uzun-uzadı nəsihətlərdən yorulurlar. Uzun nəsihətin əvəzinə, bir kəlmə və ya qısa bir cümlə ilə yada salın. Məsələn, uşaq qələmqabısını unudanda belə deyin: «Qələmqabını götürdün?»
3. Öz duyğularınızı bildirin:
Uşaqınızla hiss və duyğularla danışın. Məsələn, uşaq paltarınızın qolunu çəkən zaman belə deyin: «Qolumun çəkilməsini sevmirəm.» Bu üsul uşağın daha yaxşı anlamağına və davranışını düzəltməsinə səbəb olur.
4. Qısa qeydlərdən istifadə:
Görüləcək işləri xatırlatmaq üçün münasib yerlərə qısa və mehriban qeydlər yaza bilərsiniz. Məsələn, televizorun üzərinə belə yazın: «Cizgi filminə baxmazdan əvvəl tapşırıqlarını yerinə yetir.»
5. «Etmə» demək əvəzinə müsbət cümlələrdən istifadə etmək:
«Etmə» demək əvəzinə uşağa müsbət və mehriban suallarla yanaşın. Məsələn, «Bacını vurma» demək əvəzinə belə soruşun: «Niyə narahatsan? İstəyirsən ki, sənə kömək edim?»
Tərbiyədə səbir və davamlılığın əhəmiyyəti
Uşağın davranışını dəyişmək səbir, davamlılıq və təkrar tələb edir. Əgər yeni bir üsul ilk cəhddə nəticə verməzsə, yorulmaq və ya əsəbiləşmək olmaz. Uşaqlar bunu hiss edir və zaman keçdikcə daha yaxşı söz eşitməyə başlayırlar.
Uşaqlara müsbət dildə xəbərdarlıq etmək, danlamaq əvəzinə davranışı başa salmaq, duyğuları ifadə etmək və qısa xatırlatmalardan istifadə etmək, düzgün olmayan davranışların düzəldilməsi üçün təsirli yanaşmalardır. Valideynlər bu üsullarla övladları ilə daha isti və təsirli münasibət quraraq tərbiyə prosesində daha uğurlu ola bilərlər.
Nurulhuda Mazarçi
Rəyiniz